Sentyabrın 4-də “Young Parents Young Empowerment” layihəsinin Azərbaycan, İtaliya və Ukraynadan olan iştirakçıları “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə səfər ediblər.
Bineqedi.info xəbər verir ki, qonaqları burada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Binəqədi Gənclər Evinin əməkdaşları qarşılayıblar.
Binəqədi rayonunda gənclər sahəsində həyata keçirilən layihələrdən bəhs edən videoçarx nümayiş etdirilib. Layihə iştirakçıları Gənclər Evində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılan şəraitlə tanış olublar. Binəqədi Gənclər Evinin əməkdaşı, dövlət qurumları və təşkilatlarla iş üzrə menecer Fidan Həsənli və psixoloq Teybə Xəlilova layihə iştirakçılarına müəssisənin fəaliyyəti, burada gənclərə göstərilən xidmətlər haqqında ətraflı məlumat veriblər.
Rayon icra hakimiyyətinin nümayəndəsi Şəmsi Gülverdiyev isə dövlət gənclər siyasəti, ölkədə sahibkarlığa verilən dəstək və gənc ailələrə yaradılan şərait barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.
Layihə iştirakçılarının səfəri çay süfrəsi ətrafında maraqlı anlarla yekunlaşıb.
Qeyd edək ki, “Young Parents Young Empowerment” layihəsinin keçirilməsində məqsəd gənc valideynlərin sahibkarlıq bacarıqlarının artırılması, onlara kiçik biznes, xidmət və digər sahələrdə işə başlamaq üçün özünəinam, planlama, büdcə, marketinq və digər zəruri bacarıqların aşılanmasıdır.