Azərbaycan Türkiyəyə kömək göndərir – Prezident İlham Əliyevdən tapşırıq

0
127

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bineqedi.com xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə tapşırıq verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Ölkə başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək  ikinci təyyarə də hazırlanır.

Bineqedi.com saytı AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcək.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəYeni dəyişikliklər pensiya məbləğini nə qədər artıracaq?