Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin sabiq müdiri G. Xəlilova Rusiyada tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq G. Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova beş ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Bineqedi.com saytı xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, MMC G. Xəlilovanın mənimsəmə faktı ilə bağlı 14.04.2022-ci il tarixində Baş Prokurorluğa müraciət edib:
“Onun mənimsəmə etməsi bizim tərəfimizdən aşkarlanıb. Məsələ barədə Baş Prokurorluğa müraciət edilib. Mənimsənilən 16 559 AZN və 4 500 ABŞ dollarıdır”.

















