Rəsmi Bakıdan İrəvandakı insidentlə bağlı AÇIQLAMA

0
119
xarici-isler-nazirliyi

Azərbaycan XİN İrəvandakı insidentlə bağlı açıqlama yayıb.

Bineqedi.com saytı xəbər verir ki, açıqlamada deyilir:

“14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.

Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın İctimai televiziyanın stilist studiyasının rəhbəri vəzifəsindən azad olunması barədə göstəriş verib.

Bu barədə erməni KİV məlumat yayıb.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş stilist Aram Nikolyan tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Bu səbəbdən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Ağır Atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib.

Əvvəlki məqaləBinəqədidə hamamlardan birinin fəaliyyəti dayandırılıb – VİDEO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTOLAR