YAP Binəqədi Neft Daşlarına ekskursiya təşkil etdi

0
53

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 sentyabr “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər Günü ilə əlaqədar Xəzər dənizinin Neft Daşlarına ekskursiya təşkil olundu və rəsmi tədbir keçirildi.

Neft Daşları dünyada ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə Xəzər dənizindəki “Qara qayaların” ətrafında dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşüb.

Bineqedi.info saytı xəbər verir ki, tədbirdə millət vəkilləri Hikmət Babaoğlu, Rauf Əliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev, YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov və YAP fəalları iştirak etdilər.

İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, gül dəstələri qoyuldu. Daha sonra Neft Daşlarının əsasını qoymuş Əməkdar mühəndis, professor Ağa Qurban oğlu Əliyevin abidəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş olan qəhrəman şəhidlərin abidəsi və 1957-ci il faciəsində həlak olmuş şəhid neftçilərin xatirəsinə ucaldılmış abidə ziyarət olundu.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilərək rəsmi tədbir açıq elan olundu. Azərbaycanın uğurlu neft strategiyasına, həmçinin “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarx nümayiş etdirildi.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbirdə açılış nitqi söylədi. O, neft sahəsində qazanılan uğurlardan danışaraq, müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdir. Bununla da “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürünün 25 illiyini qeyd edirik deyə bildirdi.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilməsində müstəsna rolunu vurğuladı və neftçiləri peşə bayramları münasibətilə təbrik etdi.

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçəli Mahmudov ilk öncə neft sənayesinin ölkə iqtisadiyyatının inkişafındakı mühüm mövqeyini vurğulayaraq, neftçiləri təbrik etdi.

Millət vəkili Hikmət Babaoğlu öz çıxışında vurğuladı ki, Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək “Əsrin müqaviləsi”nin əhəmiyyətindən və bu müqavilə vasitəsilə Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışdı və neftçilərə öz fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Millət vəkili Rauf Əliyev çıxış edərək neftçi peşəsinin vacibliyini vurğuladı və onları təbrik etdi.

Daha sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup fəal fəxri fərmanla təltif olundu.

Tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə müğənnilər Elnur Məmmədov,  Amil Həsənoğlu, Aynur Dadaşova, rəqqasə Fatimə və digərləri iştirak etdilər.

 

 

 

 

 

Əvvəlki məqalə“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib
Növbəti məqalədə10 milyonuncu sakinimizin yeni FOTOLARI