Ərdoğan: “İndi Xocalı və Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır”

0
107

“İndi Azərbaycanın suverenliyi altında olan Xocalı daxil bütün Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır”.

Bineqedi.com saytı xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamasında bildirib.

“Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm”.

O bildirib ki, Azərbaycanla əməkdaşlığını yeni layihələrlə bir addım daha irəli aparmaq Tükiyə üçün xoşbəxtlikdir: “Qardaşım cənab İlham Əliyevlə görüşümüz zamanı bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək imkanımız oldu. Biz Qarabağdakı son vəziyyəti xüsusilə vurğuladıq və Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdik. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir”.

“30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad edildikdən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm. Türkiyə olaraq bütün proseslərdə Azərbaycanın yanında olduq. Mən keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndirildi. Daha da önəmlisi, 44 günlük Vətən müdafiəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur”,- R.T,Ərdoğan vurğulayıb.

“Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır”.

“Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”,- Türkiyə Prezidenti qeyd edib.

R.T.Ərdoğan onu da söyləyib ki, Naxçıvana səfəri bir daha Türkiyə-Azərbaycan qardaşlığının, “bir millət, iki dövlət” ruhunun bütün dünyaya bəyanıdır: “Necə ki, biz bunu Birləşmiş Millətlər Təşkilatının tribunasından dedik. Necə ki, biz bunu Azərbaycanın doğma torpağı olan Şuşada danışdıq, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik. Biz iki dövlətik, amma taleyimiz və idealımız bir millətik. İki ölkə arasında münasibətlərin səviyyəsi mümkün olan ən yüksək səviyyəyə çatacaq”.

O vurğulayıb ki, qardaşlığımızı yeni addımlarla gücləndirmək əzmindədirlər: “Enerjidən müdafiə sənayesinə, ticarət xəttlərindən regional əməkdaşlığa qədər hər sahədə atılacaq addımlar mərhələli şəkildə həyata keçiriləcək. Birgə qalib gəlmək prinsipi ilə atılan bu addımlarla iki ölkənin potensialı çox yüksək səviyyələrə çatacaq. TANAP-ın imkanlarının genişləndirilməsi və Xəzər dənizindən daha çox təbii qazın Türkiyə və Avropaya axmasına şərait yaradılması bu addımlardan biridir. Bu, hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Əvvəlki məqaləDYP vətəndaşlara müraciət etdi
Növbəti məqalədəBinəqədidə TIR aşdı – Video