Prezident İlham Əliyev: “Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik”

0
95

“Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq”.

Bineqedi.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.

28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: “Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”.

Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”, – deyə dövlətimizin başçısı bildirib.

“Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”.

“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

Son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”.

Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 30 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.

Əvvəlki məqaləAzay Quliyev: “”Etnik təmizləmə” haqqında şouya birdəfləlik son qoyulacaq”
Növbəti məqalədəQapanmalar olacaq? – Ölkəmizdə koronavirusun yeni növü yayıla bilər