Prezident İlham Əliyev : “Qarabağ münaqişəsi birdəfəlik bağlandı!”

0
2406

“Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı!”

Bineqedi.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir”, – dövlət başçısı vurğulayıb.

“Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə – red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır”.

“Onların (şəhidlərin – red.) qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, – deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir.

Şəhərin (Füzuli – red.) özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın.

Müəyyən müddətdən sonra Qarabağın Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəyinə əmin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır”.

Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Dövlətimizin başçısı qeyd edib ki, bu, ən minimal göstəricidir. “Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”, – deyə Azərbaycan Prezidenti bildirib.

Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir.

Dövlətimizin başçısı qeyd edib: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.

“Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

“Ulu Öndər bunu deyəndə tam haqlı idi. Ancaq bilirsiniz, o vaxt işğal dövrü idi və bəziləri hesab edirdi ki, azərbaycanlılar bu işğalla barışacaq. Bəziləri belə çirkin təbliğat aparırdı xüsusilə xarici dairələrdə ki, biz bunu unutmuşuq, biz vəziyyətlə barışmışıq. O isə heç vaxt barışmırdı bu vəziyyətlə və bizə qoyduğu, necə deyərlər, bu yol da məhz azadlıq yolu idi, qurtuluş yolu idi. Ona görə biz bu tarixi Zəfəri çalandan sonra artıq bütün dünya gördü ki, O, o vaxt, o ağır dövrdə nə qədər haqlı idi”, – dövlət başçısı qeyd edib.

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Cəmil Nəcəfovun xatirəsi anılıb – Foto
Növbəti məqalədəAzərbaycanda Müstəqilliyin Bərpası Günüdür