“Bəs iddia etdiyiniz 120 min erməninin 20 mini hardadı?” – Azay Quliyev

0
1978

“Bu gün Qarabağdan köç edən 100 min erməninin  Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və qərb mətbuatında çox danışılır.

Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında  yenə də manipulyasiyaya və təhrifə yol verir”.

Bineqedi.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin iclasında çıxışı zamanı bildirib.

“Axı  5-6 həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar   ki,  Qarabağda 120 min erməni  var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki,  Qarabağdan köç edənlərin sayı 100 min, orda  qalanların sayı isə  50 nəfərdir.

Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini hardadı?

Bəs, onlar hara qeyb oldular? Yoxsa, başqa planetə köçdülər, xəbərimiz yoxdu?”, – deputat vurğulayıb

A.Quliyevin sözlərinə görə, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyil:
“Heç kimə sirr deyil ki, Paşinyan hökuməti  “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox  maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi  “humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir.

O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə,  BMT  bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib”.

A.Quliyevin sözlərinə görə, bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu, ona görə ki,  Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da, 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür.

“Başqa bir məsələ…

Son günlər Ermənistan, o cümlədən bir sıra ölkələr və beynəlxalq təşkilatlar  çağırış edirlər ki, Azərbaycan  Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməlidir.

Buradakı “qeyd-şərtsiz” ifadəsi başadüşülən  və qəbuledilən deyil.

Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür.

Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcəkdir. İşğal zamanı başqa ölkələrdən, o cümlədən yaxın şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz.

Çünki işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin  bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavbalandırırlar.

Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma toqpaqlarına geri dönmək imkanı əldə etməlidirlər”.

Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Nicat Səmədovun xatirəsi anılıb
Növbəti məqalədəPaşinyan: “Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”