Vüsar İsmayılov: “Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti uğurla davam etdirilir”

0
1943

“Cari ilin oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı çıxışında bir sıra əhəmiyyətli məsələlərə toxunub. Əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının uğurları və nəticələri bu gün Azərbaycan iqtisadiyyatının inkişafında və imkanlarının daha da artmasında özünü büruzə verir. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı bunu bir daha sübut edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq və regional layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etməkdədir. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bu faktlar ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatların göstəricisi olmaqla bərabər, həm də iqtisadi gücümüzün və qüdrətimizin artırılmasına hesablanıb”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib.

Onun sözlərinə görə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub və Xəzər regionunda, eyni zamanda MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Bu stansiya 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə və atmosferə atılan karbon emissiyasının hər il 200 min ton azaldılmasına səbəb olacaq. Ümumilikdə ölkəmiz üçün olduqca əhəmiyyətli tarixi hadisə olan stansiyasının tikilməsinin ekoloji faydasını göstərir və gələcəkdə də göstərəcəkdir. Ölkəmizin istixana qazı emissiyalarını 40 faizədək azaltmaq öhdəliyinin vaxtında icrasına töhfə verəcək, bu sahənin xarici investorlar üçün cəlbediciliyinin artmasına xidmət edəcək. Bir sözlə, Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməklə iqlim dəyişikliyinin azalmasında və ekosistemin qorunmasında böyük rol oynayacaq.

Rayon təşkilatının sədri açıqlamasında onu da vurğuladı ki, “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin ölkəmiz üçün siyasi, iqtisadi, sosial və ekoloji faydaları olduqca böyükdür və dövlətimizin bu istiqamətdə təxirəsalınmaz islahatları davam etdirilir. Xüsusilə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan və dövlətimizin gələcək tərəqqisinə xidmət edən islahatlar içərisində “yaşıl enerji” layihələri prioritet təşkil edir: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən və qlobal dünyanın çağırışları ilə səsləşən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i ölkəmizdə bu məqsədə xidmət edən real mənzərəni aydın şəkildə göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi zəmanət də qazandırır. Həmçinin ölkəmizdəki ictimai-siyasi sabitlik və investorlar üçün yaradılan əlverişli və təhlükəsiz mühit hədəflənən bütün layihələrin uğurla həyata keçirilməsinə əsaslı şərait yaradır: “Tam əminliklə demək olar ki, Azərbaycan hər zaman investisiya cəlbediciliyini qoruyur. Oktyabrın 26-da imzalanan üç investisiya sazişi də bunun  göstəricisidir. Bunun nəticəsində bərpa olunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi məqsədilə atılan addımlar uğurlu nəticələrini verir. Azərbaycanın iqtisadiyyatı çox sabitdir və növbəti illərdə milli enerji şəbəkəsinin  gücləndirilməsini təmin etmək üçün dövlət proqramı icra ediləcək. Hazırda dövlətimizin qarşısında daha böyük iqtisadi planlar var. Belə ki, bərpa olunan enerjinin tətbiqi təkcə külək və günəş enerjiləri ilə bitmir, 30 illik işğaldan azad edilən tarixi torpaqlarımızda – Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzurda da “yaşıl enerji” layihələrinin icrasına başlanılacaq.

Qeyd edilən tədbirlərin uğurla həyata keçirilməsi, bir sıra inkişaf etmiş ölkələrlə bu istiqamətdə həyata keçirilən uğurlu əməkdaşlıqlar onu deməyə əsas verir ki, “yaşıl enerji” istehsalı sahəsində qətiyyətli addımlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi daha böyük və səmərəli enerji layihələrinin tərəfdaşına çevirəcək. Azərbaycanın uğurlu enerji siyasəti Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan hər zaman əməkdaşlıqda, səylərin birləşdirilməsi əsasında hədəflərə doğru inamla irəliləməkdə maraqlıdır və ölkəmizin bu sahədə də böyük potensiala malik olması təqdir edilir. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.

Əvvəlki məqaləBinəqədidə din xadimləri ilə görüş keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə “Narkotiksiz gələcək naminə!” maarifləndirici tədbir keçirilib – Foto