Moskva Ermənistanın bu addımını anti-Rusiya jesti kimi qiymətləndirir

0
1958

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib.

Bineqedi.com saytı apa-ya istinadən bildirir ki, Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.

“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, – XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bir müddət əvvəl özünün də etiraf etdiyi kimi, Ermənistanın sabitliyi və rifahının təmin olunması üçün ən mühüm amil adlandırılan Rusiya ilə müttəfiqlik münasibətlərinin qəsdən pozulması təəssüf hissi doğurur.

Diplomat eyni zamanda, dövlət qurumları, rəsmiləri tərəfindən maliyyələşdirilən və əlaqəli olan KİV resurslarında anti-Rusiya fikirlərinin yer aldığını da qeyd edib.

Qeyd edək ki, adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib. O, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermakla görüşüb.

Əvvəlki məqaləBinəqədidə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Növbəti məqalədəBinəqədidə din xadimləri ilə görüş keçirilib – FOTO