“Azərbaycan Ermənistandan normallaşma məsələsində konstruktiv mövqe tutmasını və bu unikal şansı bir daha qaçırmamasını gözləyir”.
Bineqedi.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə birgə mətbuat konfransında deyib.
O söyləyib ki, Azərbaycanın suverenliyinin tam bərpası Ermənistanla münasibətlərin normallaşması üçün yeni perspektivlər yaradır. Ancaq XİN başçısı onu da qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət əsasında normallaşmalıdır və bu cür normallaşma təkcə Azərbaycan və Ermənistanın maraqlarına cavab vermir, həm regionda, həm də ondan kənarda digər ölkələrlə əməkdaşlığın inkişafına imkan yaradacaq.
“Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası aparması sülhə xidmət etmir”.
C.Bayramov ölkəmizin 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
O, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyini bildirib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.