Şirkət sakinləri aldatdı: Vədləri yerinə yetirmədi, yalançı sənədlərlə…

0
2027
bineqedi-bina-tikinti1.png

“Everest Konstruktion” şirkəti inşa etdiyi binanın alqı-satqı müqavilələrində, sakinlərə təqdim etdiyi reklam materiallarında göstərilən vədləri yerinə yetirməyib. Binanın həyəti, ətraf ərazisi abadlaşdırılmayıb, söhbətgahlar, uşaqların əylənməsi üçün avadanlıqlar, kameralar quraşdırılmayıb və binanın elektrik generatoru yoxdur”.

Bu sözləri teleqraf.com-a açıqlamasında hazırda binanın idarəçiliyini həyata keçirən “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin üzvü Natiq Babayev deyib.

O iddia edir ki, şirkətin inşa etdiyi Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə ünvanında yerləşən 1 saylı çoxmənzilli binanın sakinləri alqı-satqı zamanı aldadılıblar:

“Bu binada yaşayış 2010-2011-ci illərdən başlayıb. 2019-cu ilin sentyabr ayınadək bina “Everest Konstruktion” MMC-nin idarəçiliyində olub. Daha sonra şirkətin dəvəti ilə binanın idarəçiliyi İPE Group MMC-a həvalə edilib.

2020-ci ildə bir qrup sakinin tələbinə əsasən, həmin şirkətin də fəaliyyəti dayandı, bina demək olar ki, sahibsiz qaldı. 2021-ci ildə binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradıldı və “Everest Konstruktion” MMC birtərəfli qaydada binanın idarəçiliyindən kənarlaşdırıldı.

Hazırda bina həmin cəmiyyət tərəfindən idarə olunur və insanların normal və təhlükəsiz yaşayışını təmin etmək, həyat əhəmiyyətli avadanlıq və qurğuların təhlükəsiz istismarını təmin etməklə bağlı fəaliyyətini davam etdirir. Öz gücümüz hesabına həyətyanı əraziləri xeyli abadlaşdırmışıq, liftlərə servis xidmətlərinin göstərilməsi, su, qaz, elektrik enerjisi təchizatının təmin edilməsi üçün müvafiq xidmətlər və təşkilatlarla müqavilələr bağlamışıq. Binada daha öncə 30 faiz ödəniş var idisə, hazırda ödəniş 95 faizdir. Yığılan vəsait ümumi yığıncağın qərarı ilə lazimi işlərə sərf olunur”.

Natiq Babayev bildirib ki, “Everest Konstruktion” şirkəti tərəfindən bina özü və binaya aid sənədlər hələ də müvafiq qaydada “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verməyib:

“Bu səbəbdən tikinti ərazisinə aid baş plan, texniki şərtlər, mühəndis kommunikasiya təminatı sisteminə dair sənədlər, eyni zamanda yanğın söndürmə sisteminə, yanğın təhlükəsizliyinə aid avadanlıqların layihələri, sənədləri olmadığına görə onları işlək vəziyyətə gətirmək qeyri-mümkündür. Bu avadanlıqların işləməməsi insanların həyatı üçün ciddi təhlükə yaradır. Bununla bağlı “Everest Konstruktion”a həm yazılı, həm də şifahi müraciətlər etmişik, amma hamısı cavabsız qalıb.

Üstəlik, araşdırmalarımız nəticəsində məlum olub ki, şirkət binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq strukturların müsbət rəylərini əldə etmək üçün dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarını və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsini aldadıb.

Belə ki, şirkət “Union Park” yaşayış kompleksinin cənub və şimal korpusları arasında yerləşən ərazidəki Aksa markalı elektrik generatorunu FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarına “Everest Konstruktion” MMC-nin mülkiyyəti kimi təqdim edib. “Everest Konstruktion” MMC həm dövlət strukturlarını, həm də binanın mülkiyyətçilərini bu formada aldadıb. Bu yaxınlarda məlum olub ki, generator “Gündəlik Teleqraf” MMC-yə məxsusdur və “Everest Konstruktion” MMC-yə heç bir adiyyəti yoxdur.

Hazırda bu qədər əhali yaşayan bina generatorsuzdur. Qeyd etdiyim bu və digər qanunsuz əməllərlə bağlı “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən bir sıra dövlət strukturlarına müraciətlər ünvanlamışıq. Sakinlər həyəcan təbili çalır, onlar bu məsələnin ictimailəşdirilməsi, ölkə başçısına, müvafiq strukturların rəhbərlərinə çatmasını tələb edirlər”.

Əvvəlki məqaləBinəqədidə avtomobil məscidin hasarına çırpıldı: Ölən və xəsarət alanlar var
Növbəti məqalədəPrezident İlham Əliyev Fərman imzaladı