Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”

0
2180

“Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır”.

Bineqedi.com saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı bildirib:

“Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur”.

“İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var, o cümlədən Azərbaycanda. Biz indi görürük ki, bu il faktiki olaraq əvvəlki illərdən fərqlənirdi”.

Bu il kifayət qədər qar, yağış yağdığını, su hövzələrimizdə, su anbarlarında kifayət qədər su olduğunu qeyd edən dövlətimizin başçısı bildirib:

“Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.

“Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

“Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Əvvəlki məqaləBinəqədidə keçmiş məhkum işlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı
Növbəti məqalədəFransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır – ŞƏRH