“Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir”.
Bineqedi.com azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.
“Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir”.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir”, – deyə müraciətdə bildirilib.
“Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq”.
“İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək”, – deyə dövlətimizin başçısı müraciətində vurğulayıb.
“İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq”.
Müraciətdə, həmçinin qeyd olunub ki, bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi, nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək.