Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2 500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 000 manat, 300 dollar pul vəsaiti, 4 500 manat dəyərində qızıl-zinət əşyaları, notbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.
***
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində “Şəki” ictimai-iaşə obyektinin həyətyanı sahəsində, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi “Həyat” ictimai-iaşə obyekti ilə üzbəüz ərazidə, Yasamal rayonu M.Seyidov küçəsində, Suraxanı rayonu Yeni Günəşli S.Cəfərov küçəsində, Sumqayıt şəhəri Çerkassı küçəsində, Bərdə rayonu 2-ci Hacallı kəndi ərazisində, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsində və İsmayıllı rayonu Bəhliyan kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı təbiətə 89 min 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.