Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır

0
3536
partlayis-kinostudiya

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. 
Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Qeyd olunub ki, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO
Növbəti məqalədəPrezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb