1992-ci ildən bəri ABŞ-Azərbaycan münasibətlərində daim gərginlik yaradan 907-ci düzəliş artıq tarixə çevrilmək üzrədir.
8 avqust 2025-ci ildə, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində “Freedom Support Act” qanununun 907-ci maddəsinin tətbiqini tam dayandıran sənədi imzalayacaq.
Bəs bu sənəd nəyə xidmət edirdi?
1992-ci ildə ABŞ Konqresi “Freedom Support Act” — yəni “Azadlığı Müdafiə Aktı”nı qəbul etdi.
Bu qanun, keçmiş SSRİ respublikalarına demokratiya, iqtisadi islahatlar və inkişaf üçün yardım ayırmağı nəzərdə tuturdu. Lakin həmin aktın 907-ci düzəlişi Azərbaycanın adını siyahıdan çıxardı. Səbəb kimi o zaman Konqresdə güclü təsirə malik erməni lobbi qruplarının iddiaları göstərilirdi.
Guya Azərbaycan Ermənistanı və Qarabağı “blokadaya” alıb.
907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdı.
Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum oldu.
Bu məhdudiyyət yalnız 2001-ci il 11 sentyabr terror hücumlarından sonra qismən yumşaldıldı. 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentlərinə hər il düzəlişi müvəqqəti dayandırmaq səlahiyyəti verildi. Corc Buş, Barak Obama, Donald Tramp və Co Bayden bu maddəni hər il dondursa da, qanun formal olaraq qüvvədə qalıb və istənilən vaxt yenidən tətbiq edilə biləcək “təzyiq kartı” kimi mövcudluğunu qoruyub.
Bəs bu aktın ləğvi niyə vacibdir?
907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir:
Sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək
ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında.
Təhlükəsizlik əməkdaşlığı dərinləşəcək
Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər.
ABŞ-nin regiondakı siyasi imici güclənəcək
Qanunun ləğvi Vaşinqtonun Cənubi Qafqazda balanslı siyasət yürütmək niyyətinin göstəricisi olar. İkili standartlar dönəmi başa çata bilər.
Elmi və sosial layihələr üçün imkanlar artacaq
Təhsil, səhiyyə və vətəndaş cəmiyyəti sahələrində ABŞ fondlarının dəstəyi daha geniş və maneəsiz şəkildə Azərbaycana gələr.
30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayıb. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilib.
Bir sözlə, onun ləğvi Azərbaycanın 1990-cı illərdə beynəlxalq aləmdə üzləşdiyi haqsızlıq kimi qəbul etdiyi bir məhdudiyyətin, siyasi “repressiya”nın sonu deməkdir. Yəni davam etmir 907…qafqazinfo.az