2026-cı il yanvarın 1-dən etibarən hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV güzəştlərinin ləğv olunmasına görə bu ilin noyabr-dekabr aylarında ölkəyə kütləvi avtomobil axını olub. İş adamları vergi güzəştindən son dəfə faydalanmaq üçün sifarişlərini artırıblar.
Amma ölkəyə avtomobil gətirən rəsmi avtosalonlar və iş adamları bildiriblər ki, son günlər rəsmi qurumlar tərəfindən avtomobillərin mütləq 2025-ci il ərzində satılması ilə bağlı xəbərdarlıq alıblar. Bundan əlavə, avtomobillərin 2026-cı ilə qaldığı halda satış zamanı ƏDV ödənilməli olacağı da bildirilib.
Modern.az məsələyə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.
Saytımızın elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı üzrə tətbiq edilən ƏDV azadolması barəsində sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi qanunvericiliyinə əsasən, ƏDV-nin tətbiqi vergitutma əməliyyatının baş verdiyi tarixə, yəni avtomobilin satıldığı tarixə görə müəyyən edilir.
“Bu baxımdan, 2025-ci ildə idxal edilmiş, lakin 2026-cı ildə satışı həyata keçirilən elektrik və hibrid avtomobillərin satışına qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tətbiq olunmalıdır.
Əlavə olaraq, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı üzrə tətbiq edilən ƏDV azadolması ləğv olunur. Eyni zamanda, hibrid avtomobillərə münasibətdə 1 yanvar 2026-cı il tarixində başa çatan ƏDV güzəşti də uzadılmayacaq”,- DVX-nin rəsmi məlumatında deyilir.
Qurumdan verilən məlumata görə, ƏDV istehlak vergisi xarakteri daşıyır və faktiki olaraq son istehlakçı tərəfindən ödənilir. Bu səbəbdən avtomobil satışı ilə məşğul olan sahibkarlar və vergi ödəyiciləri üçün əlavə vergi yükü yaranmır. ƏDV məbləği avtomobilin satış qiymətinə daxil edilərək alıcıdan tutulur və müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilir.
Yekun olaraq DVX-dən bildirilib ki, 2026-cı ildən sonra həyata keçirilən satış əməliyyatları üzrə ƏDV-nin tətbiqi qanunvericiliyin tələblərinə tam uyğundur və hər hansı geriyə şamil olunan vergi tətbiqi hesab edilmir.

















