“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə 283 № li tam orta məktəbdə valideynlərin iştirakı ilə “Narkomanlığa qarşı mübarizədə ailələrin rolu” mövzusunda maarifləndirici görüş keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi- Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu İlqar Pənahov, Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Quliyev, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı, Binəqədi Gənclər və İdman sektrunun baş məsləhətçisi Azər Eyvazov 283 № li tam orta məktəbin direktoru Nuridə Qarayeva və valideynlər iştirak etdilər.
Görüşün əsas məqsədi narkotik asılılığının qarşısının alınmasında ailələrin rolunun artırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və bu sahədə məlumatlılığın yüksəldilməsi olub.
Azərbaycan Respublikasının Dövlət Himninin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə çıxış edən 283 № li tam orta məktəbin direktoru Nuridə Qarayeva qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı çıxış edərək narkotik asılılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən, ailənin profilaktikada, risklərin erkən aşkarlanmasında, eləcə də müalicə və reabilitasiya prosesində oynadığı mühüm roldan danışaraq, valideyn nəzarətinin əhəmiyyəti və uşaqların təhlükəsiz mühitdə böyüməsinə təsir edən amillər barədə geniş məlumat təqdim etdilər.
Valideynlər adından çıxış edən 283 nömrəli tam orta məktəbin valideyn komitəsinin sədri Samirə Əsədli cəmiyyəti narahat edən ən qlobal problemlərdən biri olan narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirdi.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı və ailələrin bu sahədə maarifləndirilməsinin vacibliyi xüsusi vurğulandı. Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olundu.























