Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sisteminin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
***
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan qanunlarında dəyişiklik edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
***
İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasındakı dəyişikliklər təsdiqlənib.
Belə ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

















