Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin sakini, 1996-cı il təvəllüdlü Əli Qurbanov qapı və pəncərə istehsalı sahəsində fəaliyyətini uğurla davam etdirir. O, 2015-ci ildən bu sahə ilə məşğuldur və hazırda qəsəbə ərazisində fəaliyyət göstərən sexində müştərilərə xidmət göstərir.
Bineqedi.com xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlama verən Əli Qurbanov qeyd edib ki, 2023-cü ildə sahibkarlıq fəaliyyətini genişləndirmək və istehsal imkanlarını artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Müraciəti qeydə alınıb və agentlik tərəfindən ona daha müasir avadanlıqlar təqdim olunub. Yeni avadanlıqlar istehsal prosesinin sürətlənməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə və sifarişlərin daha operativ yerinə yetirilməsinə şərait yaradıb.
Kiçik sahibkar dövlət dəstəyinin onun fəaliyyətinə müsbət təsir göstərdiyini vurğulayıb. Əli Qurbanov təqdim edilən avadanlıqların öz adına keçirilməsi ilə bağlı da müvafiq olaraq müraciət etdiyini bildirib. Ona deyilib ki, bu istiqamətdə növbəlilik prinsipi tətbiq olunur və vaxtı çatdıqda avadanlıqlar rəsmi şəkildə onun adına keçiriləcək.
Əli Qurbanovun sözlərinə görə, istehsal fəaliyyəti əsasən mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında müştərilərin sayı əhəmiyyətli dərəcədə artır, qış mövsümündə isə iş nisbətən zəifləyir.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlərlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

















