Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır – Xəbərdarlıq

0
9093

Son günlər tanınmış jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir: “Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir.

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:

– Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz;

– Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə info@nca.az  elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.

– İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.

– Saxta hesabı “WhatsApp” platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.

– Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.

– Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır”.

Əvvəlki məqaləÖlkəyə qripə qarşı vaksinlər gətirildi
Növbəti məqalədəAİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları