Prezident İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”

0
9097

“Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilib. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, biz dağıdılmadan, işğaldan, hər yerə yayılmış yoxsulluqdan irəliləyişə, inkişafa, uğura doğru gəlib çatmışıq.

“Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb”.

“Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazanan bir tərəfi kimi göstəririk”, – deyə dövlətimizin başçısı əlavə edib.

“İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”

Dövlətimizin başçısı qeyd edib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil.

“İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.

Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.

“Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik”.

Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı bildirib:

“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”. Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər”.

 

Əvvəlki məqaləPenitensiar Xidmətin yeni rəisi kimdir? – Dosye