Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmdal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yerli icra hakimiyyətləri üçün “Yol Xəritəsi” hazırlanmışdır.
Bineqedi.com xəbər verir ki, “Yol Xəritəsi”nin icrası çərçivəsində, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən RİH başçısı Aparatının, tabeli qurumların və yerli özünüidarə orqanlarının əməkdaşları ilə idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə davamlı müzakirələr keçirir. Aparılan müzakirələrdə dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaş müraciətlərinə baxılmasının sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi diqqət mərkəzindədir.
Eyni zamanda, RİH başçısı Aparatının əməkdaşları rəqəmsal bacarıqlarını təkmilləşdirmək üçün aidiyyəti qurumların təşkil etdiyi əyani və onlayn təlimlərdə müntəzəm olaraq iştirak edirlər.
Növbəti dəfə Binəqədi Rayon İcra Hakimiyyətində “Kibermaariflənmə və Süni İntellektdən təhlükəsiz istifadə” mövzusunda təlim təşkil olundu.
RİH-in inzibati binasında təşkil olunmuş təlimdə RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təyin edilmiş təlimçi, kibertəhlükəsizlik mütəxəssisləri Lamiyə Nəcəfova, Güloğlan Musayev, RİH başçısı aparatının əməkdaşları, RİH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.
RİH başçısının müavini Sevinc Süleymanova giriş sözü ilə çıxış edərək təlimə dəvət olunmuş mütəxəssisləri və iştirakçıları salamlayaraq tədbirin mövzusunun əhəmiyyətini vurğuladı və müasir dünyanın qlobal tələblərindən olan rəqəmsallaşma prosesində kibermaariflənmə və süni intellekt bacarıqlarının mühüm rol oynadığını diqqətə çatdırdı.
Təlim öncəsi sorğu keçirilərək “İnformasiya təhlükəsizliyi, süni intellekt üzrə ilkin bilik və qərarvermə səviyyəsinin təlim öncəsi qiymətləndirilməsi” sorğu anketlərinə uyğun olaraq iştirak edən əməkdaşların kibergigiyena sahəsində məlumatlılıq səviyyəsi qiymətləndirildi.
Daha sonra təlimçi, kibertəhlükəsizlik mütəxəssis Lamiyə Nəcəfova kibergigiyena haqqqında təlim iştirakçılarına ətraflı məlumat verərək qeyd etdi ki, mövzu rəqəmsal cihazların təhlükəsizliyini təmin etmək və şəbəkə vasitəsilə gələn təhdidlərdən qorunmaq üçün mütəmadi olaraq yerinə yetirilməli olan fundamental qaydalar və vərdişlər bütünüdür.
Kibergigiyenanın ən vacib əsas prinsiplərini (güclü parolların istifadəsi, çox faktorlu doğrulama – MFA, proqram təminatının yenilənməsi, şübhəli linklər və fişinq (phishing) və s.)) sadalayan təlimçi bildirdi ki, bu qaydalara riayət etmək şəxsiyyət oğurluğunun, maliyyə itkilərinin və virus yoluxmalarının qarşısını böyük ölçüdə almağa kömək edir.
Təlim qarşılıqlı müzakirələr və fikir mübadiləsi ilə davam etdi.
Sonda təlim mövzusuna uyğun olaraq yenidən sorğu keçirilərək “İnformasiya təhlükəsizliyi, süni intellekt üzrə ilkin bilik və qərarvermə səviyyəsinin təlimsonrası qiymətləndirilməsi” sorğu anketlərinə uyğun olaraq iştirak edən əməkdaşların kibergigiyena sahəsində məlumatlılıq səviyyəsi qiymətləndirildi.
















