Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S.S.Axundov küçəsi 4 saylı binanın qarşısında sahibsiz heyvanların ərazidən yığışdırılması, İ.Dadaşov küçəsi 91 saylı binanın həyətində küçə işıqlarının yanmaması, Azadlıq prospekti II yolda piyada keçidində küçə işıqlarında lampaların dəyişdirilməsi, Ş.Məmmədova küçəsi 11 saylı ünvanda ağacların budanması, Ş.Məmmədova küçəsi 7 saylı ünvanda ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası və həmin ünvanda qurumuş ağacın kəsilməsi, N.Nərimanov küçəsi 87 saylı ünvanda binanın zirzəmisinə dolan çirkab suların çəkilməsi, S.S.Axundov küçəsi 2 saylı ünvanda elektrik xəttində yaranan problemin aradan qaldırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.















