Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

0
9089

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Bineqedi.com xəbər verir ki, qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

“Milliön” terminallarında təsdiq prosesi “Bir ID”, SİMA və ya “MyGov” vasitəsilə həyata keçirilir. “Bir ID” ilə təsdiq prosesi “Birbank” tətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

1. Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.

2. Məbləğ 500 manatdan çox olduqda, terminalın ekranında “Bir ID”, SİMA və ya “MyGov” vasitəsilə təsdiq seçimləri göstəriləcək.

3. Seçiminizi etdikdən dərhal sonra terminalda QR-kod əks olunacaq.

4. Telefonunuzda müvafiq tətbiqi açın və QR-kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.

5. Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Vacib qeyd: 500 manatdan yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olması vacibdir.

***

Maraqlıdır, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürmələri etmək istəyən, lakin ağıllı telefonu, smartfonu olmayan vətəndaşlar üçün hər hansı alternativ nəzərdə tutulurmu?

Məsələ ilə bağlı “Milliön” platformasının mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, smartfondan istifadə etməyən ödəyicilər üçün hazırda alternativ identifikasiya üsulu, o cümlədən fərdi məlumatların birbaşa əl ilə daxil edilməsi imkanı nəzərdə tutulmayıb:

“500 AZN-dən yuxarı məbləğdə pul köçürmələrinin həyata keçirilməsi zamanı ödəyicinin şəxsiyyətinin eyniləşdirilməsi (identifikasiyası) tələb olunur. Ödəyicilərin eyniləşdirilməsi üçün “Bir ID”, SİMA və “MyGov” platformalarının təqdim etdiyi həllərdən istifadə olunur. Smartfondan istifadə etməyən ödəyicilər üçün hazırda alternativ identifikasiya üsulu, o cümlədən fərdi məlumatların birbaşa əl ilə daxil edilməsi imkanı nəzərdə tutulmayıb. 500 AZN-dək olan əməliyyatlar isə ödəyicinin identifikasiyası aparılmadan həyata keçirilə bilər”.

Əvvəlki məqaləDin xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya
Növbəti məqalədəSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək