Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması, işçinin məzuniyyət hüququnun təmin edilməsinə dair Əmək Məcəlləsinə təklif olunan və hazırda Milli Məclisdə müzakirə olunan dəyişikliklər praktikada yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunun rəsmi açılış mərasimində çıxış edərkən deyib. A.Əliyev qeyd edib ki, bununla yanaşı, müvafiq dəyişikliklər işəgötürənlərin əmək ödənişlərinin uçotu, hesablanması, ödənilməsi, habelə vergi və digər icbari sosial ödənişlərlə bağlı iş yükünün azaldılmasına imkan yaradacaq: “Bundan başqa, növbəti ildən Naxçıvan Muxtar Respublikası üzrə məcburi dövlət sosial sığorta haqlarına təklif edilən güzəştlər və subsidiyalaşma mexanizmi işəgötürənlərə göstərilən dövlət dəstəyini daha da gücləndirəcək”.
Nazir xatırladıb ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsini əhatə edən 457 dəyişiklik qəbul edilib, “bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı” prinsipi qanunvericilikdə təsbit edilib, minimum əməkhaqqının məbləğinin dövri olaraq nəzərdən keçirilməsi ilə bağlı yeni mexanizm yaradılıb, ailə və iş həyatının uzlaşdırılmasına, o cümlədən ödənişli atalıq məzuniyyətinin tətbiqinə dair mühüm yeniliklər edilib. Eyni zamanda, distant işin hüquqi əsasları formalaşdırılmış və əməyin mühafizəsi sahəsində preventiv yanaşmanı gücləndirən yeni mexanizmlər müəyyən edilib.











