Binəqədidə qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib – Fotolar

0
78

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə və yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Bineqedi.info-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq iyunun 21-də paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, ötən ildən başlayaraq agentlik tərəfindən qanunsuz heyvan kəsimi məntəqələrində aidiyyəti qurumlarla birlikdə keçirilən reydlər zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilir və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülür.

Reyd zamanı qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. Heyvan kəsimini yalnız ixtisaslaşmış kəsim məntəqələrində həyata keçirilməsinin zəruriliyi, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməsinə icazə verildiyi qanunsuz fəaliyyətlə məşğul olanların diqqətinə çatdırılıb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olanları qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olanlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Əvvəlki məqaləBinəqədidə gəlin qayınatasını bıçaqladı – İçkili imiş – TƏFƏRRÜAT
Növbəti məqalədəBinəqədi ilə tanış olaq: rayonda hansı küçələr var? – SİYAHI