Bakıda koronavirus xəstəsinə klinikadan “xəstə deyilsən” cavabı necə verilib?

0
48
coronavirus-korona

Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

Bineqedi.info saytı qafqazinfo-ya istinadən xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.

Lakin “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə danışan S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən “Referans”a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi –  nə öskürək qalmışdı, nə də qızdırma”.

“Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” Covid-19 testindən keçən vətəndaş Sadıq-zadə Mirzənin iddialarına cavab verib.

Açıqlama verən klinikanın Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Xoşqədəm Əliyeva bildirib ki, vətəndaşın test nəticəsi pozitivdir:

“Sadəcə, əməkdaşlarımız texniki səhvə yol verdikləri üçün sənəddə neqativ yazılıb. Testin nəticəsi pozitiv çıxdığı an TƏBİB-ə məlumat verilib”.

X.Əliyeva əməkdaşımızın “Vətəndaş test nəticəsinin neqativ bildiyi üçün rahat hərəkət edib. Bəs, buna görə məsuliyyəti kim daşıyır?” sualını cavabsız qoyub, o, telefon dəstəyini yerə asıb.

S.Mirzə isə bildirir ki, ona TƏBİB-dən zəng edən olmayıb:

“Xəbər sizin saytda yayımlandıqdan sonra sözügedən klinikanın əməkdaşı Xoşqədəm Əliyeva mənimlə əlaqə saxladı. O, test nəticəmin pozitiv olduğunu bildirdi. Düzdü, üzrxahlıq etdi. Amma mən nəticəmin neqativ çıxmasından sonra rahatlaşmışam və ailə üzvlərimlə ünsiyyətədə olmuşam. Evimizdə yaşlı insan da var, onları da yoluxdurmuş ola bilərəm. Xoşqədəm xanım mənə dəymiş maddi ziyanın qarşılanmasını təklif etsə də, bununla razılaşmadım. Mənə 24 saylı poliklinikadan, daha sonra isə Epidemioloji Mərkəzdən zəng etdilər. Mənə təqdim edilən sənədi istədilər, göndərdim. Sənəddə cavab neqativ olduğu üçün onlar da təəccübləndi, məsələni araşdıracaqlarını bildirdilər”.

Əvvəlki məqaləPopulist çıxışları ilə hakimiyyətə gələn Paşinyan demokratiya adı altında repressiv vasitələrdən istifadə edir
Növbəti məqalədəKoronavirus əlamətləri hiss edirsizsə, bunları edin