Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “6ES04Y4” MMC olub. “Qaçqınkom” fotostenlərin hazırlanması və quraşdırılması, həmçinin “Brand wall” (“Çərçivəli lövhə”) hazırlanması və quraşdırılması üçün “6ES04Y4” MMC -yə 26 min 900 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 26,9 min manatlıq tender müsabiqəsinin qalibi olan “6ES04Y4” MMC cəmi 4 ay əvvəl – iyul ayının 28-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “6ES04Y4” MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə Abbasov Elməddin Xaləddin oğludur.
Qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan və 4 ay əvvəl yaranan daha bir şirkət “Qaçqınkom”un sentyabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olub. 13.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Reliance-2020” MMC təxminən 2 ay sonra – 29.09.2020-ci il tarixində elan olunan tenderin qalibi olub və “Qaçqınkom”dan 40 min 800 manat alıb.
Maraqlı məqamlardan biri də odur ki, iyul-avqust aylarında “6ES04Y4” MMC və “Reliance-2020” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “6ES04Y4” MMC -nin qanuni təmsilçisi Abbasov Elməddin Xaləddin oğlu eyni zamanda “Bolıvıya” MMC-nin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-avqust aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Adı | Ünvan | Nizamnamə kapitalı | Qanuni təmsilçi |
Qeydiyyat tarixi |
“Lesoto” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
“Malavı” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Hacızadə Vüsal Xaliq | 04.08.2020 |
“Samoa-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 28.07.2020 |
“Uqanda” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Quliyev Nicad Vaqif | 29.07.2020 |
“Bolıvıya” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
“6ES04Y4” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Elməddin Xaləddin | 28.07.2020 |
“Kuala-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
“Petra-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Səmədov Səməd Salman | 20.07.2020 |
“Tonota” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
“Tamaqa” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Səmədov Bayram Salman | 17.07.2020 |
“Vankuver” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
“Ncamena” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Abbasov Əli Fizuli | 14.07.2020 |
“Reliance-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
“Netgear-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 10 manat | Mansurov Rasul Eldəniz | 13.07.2020 |
“Maskat-LM” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 10.07.2020 |
“Yenıera” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əliyev Fərid Muxtarpaşa | 08.07.2020 |
“Dənizli” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
“Yolova” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 | 20 manat | Əbilov Rolan Əhsən | 06.07.2020 |
“Oşuma-2020” | Binəqədi rayonu, Mikrorayon 7, ev 26. | 20 manat | Təhməzov Elnur İbrahim | 04.06.2020 |
Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən biri “Maskat-LM” MMC Diasporla İş Üzrə Dövlət Komitəsinə 0,70×1,05 metr ölçülərində Türkiyə bayrağı satıb. Komitə MMC-dən aldığı bayraqlar üçün ümumilikdə 46 min 500 manat vəsait ödəyib.Yeniavaz.com