“Siyasi proseslərin mürəkkəb və xaotik formada cərəyan etdiyi 2020-ci il Azərbaycan xalqının tarixində 44 günlük qalibiyyət zəfəri ilə dünya hərb tarixində yeni bir salnamə yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqın dəstəyinə arxalanaraq güclü dövlət yaratmaq istiqamətindəki uzunmüddətli səyləri, siyasi manevr imkanları, peşəkar diplomatik gedişləri öz səmərəsini verdi”.
Bunu Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
V.İsmayılov bildirib ki, bəyanatın 9-cu bəndində əksini tapan və bütün bölgənin iqtisadi həyatı üçün xüsusi önəm kəsb edən nəqliyyat və kommunikasiya məsələləri həll olunacağı təqdirdə 5 dövlət, hətta uzun illərdi aclıq və səfalət içində yaşayan Ermənistan da iqtisadi divident əldə edəcək: “Prezidentin qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərin maraqlarına cavab verir. Bu halda regiondakı bütün dövlətlər faydalanacaq. Şübhəsiz ki, Rusiya dövlətinin nəzarətində olan, lakin Ermənistan ərazisindən keçən dəmir yolunun bərpası təhlükəsizlik baxımından da çox əhəmiyyətlidir. Ümumiyyətlə Rusiya bölgədə sülhün və əməkdaşlığın təmin olunmasında xüsusi rol oynayır. Cənab Prezident Moskva görüşündə də Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini yüksək qiymətləndirdi. Rusiya prezidentinin Qarabağ məsələsində mövqeyi, əlbəttə, Ermənistanı məyus edir, amma bu, ilahi ədalətin bərpası üçün səslənən ən obyektiv fikirdi. Bu eyni zamanda Ermənistan tərəfə verilən bir mesajdır ki, Qarabağ adlı problem artıq yoxdur. Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisi, qədim diyarıdır. Azərbaycan öz Prezidentinin şəxsində güclü, qüdrətli ölkə olmasını bəşəriyyətə bir daha nümayiş etdirdi”.