Binəqədi Bələdiyyəsi görülmüş işlərin hesabatını verdi

0
100
bineqedi-belediyyesi-inzibati-bina

Binəqədi Bələdiyyəsində 2019-cu ilin 6 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Binəqədi Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədr müavini Salman Umudov, bələdiyyə üzvləri, qulluqçuları və sakinlər iştirak ediblər.

Bineqedi.info saytı belediyye.info-ya istinadən xəbər verir ki, Binəqədi bələdiyyəsinin sədri Salman Umudov 2019-cu ilin 6 ayı ərzində Bələdiyyənin gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Çıxışında S.Umudov bildirib ki, 2019-cu ilin 6 aylıq yekunları üzrə bir sıra tədbirlər və aylıq ümumi iclaslar keçirilib, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilib və icrası təmin olunub.

Həmçinin S. Umudov vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar verildiyini, yığılan vergilər haqqında məlumat mütəmadi olaraq təhlil edildiyini, habelə vergilərin ödənməsindən yayınanlara qarşı xəbərdarlıq edərək müvafiq tədbirlər görüldüyünü bildirib.

Çıxışında sədr vurğulayıb ki, 2019-cu ilin birinci yarımilində proqnozlaşdırılmış 327.462 manat gəlir daxil olub ki, bu da yarım il üçün proqnozlaşdırılan büdcənin 101,1 %-ni təşkil edib. Bələdiyyənin vergi bazasının əhatəli və zəngin olması, hazırda inzibati ərazidə 401 binada 35.200 ev təsərrüfatı və 1850 təsərrüfat subyektlərinin olduğunu diqqətə çatdırıb. 31.328 ədəd mənzilin mülkiyyətçisi vergi ödəyicisi kimi BAMS proqramı üzrə adlarına hesab açılaraq uçota alınıb.

Habelə, vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirildiyini bildirib. Bu müddətdə vətəndaşlardan 226 müraciət daxil olub ki, bunların da 93%-i müsbət həllini tapıb. Bələdiyyənin inzibati ərazisində yaşayış məhəllələrində, mikrorayonlarda əhali ilə görüşlərə daim diqqət yetirilir və bu görüşlər davamlı xarakter alıb.

Keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları problemlərin bir çoxu operativ həll edilib, həlli vaxt tələb edən məsələlərlə əlaqədar tədbirlər planı tərtib edilərək, icrası nəzarətə götürülüb.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görüb. Belə ki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 76 məhkəmə proseslərində bələdiyyənin xeyrinə Qərarlar qəbul edilib.

Bələdiyyədə “Qaynar Xətt” də fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar Xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 143 nəfər vətəndaş qəbul edilmiş, o cümlədən sədr tərəfindən 92 nəfər.

Binəqədi bələdiyyəsi sosial layihələrə həmişə böyük yer ayırır. Aztəminatlı ailələrə, qocalara, əlillərə və s. bu kimi kateqoriyadan olan sakinlərə bayram sovqatları verilir.

Həmişə olduğu kimi hesabat dövründə də beynəlxalq tədbirdə bələdiyyə iştirak etmişdir. Belə ki, may ayında Türk Dünyası Bələdiyyələr Birliyinin hesabat-seçki toplantısında iştirak etmişdir. Bununla yanaşı Bələdiyyə rayon miqyasında bütün ictimai, mədəni tədbirlərdə yaxından iştirak edib. Eyni zamanda Bələdiyyə bütün görülən işlərlə yanaşı buraxılan nöqsanları da təhlil edir və daha da səmərəli fəaliyyət istiqamətində səylər göstərir.

Yığıncaqda mikrorayonların sakinlərindən Məhərrəm Ramazanov , Elçin Hüseynov, Gülxar Rzayeva, Hidayət Əliyev, Binəqədi Uşaq Fondunun nümayəndəsi Rüxsarə Zeynalova çıxış edərək bildirdilər ki, əvvəlki illərə baxanda Binəqədi bələdiyyəsinin aktiv fəaliyyətini hər gün görmək olur. Sakinlər bələdiyyənin inzibati binasına gələrkən üzvlər və bələdiyyə qulluqçuları tərəfindən hörmətlə qarşılanır, ərizələrin qəbulu və problemlərin həllinə xüsusi həssaslıqla yanaşılır. Qaldırılan problemlərlə bağlı bələdiyyə rəhbərliyi məhəllələrdə olur, sakinlərlə görüşür və problemlərin operativ həlli üçün iş görürlər. Son hesabat dövründə bələdiyyə inzibati ərazisində sakinlərin müraciəti əsasında müxtəlif tipli layihələr həyata keçirmişdir. Bu da sakinlərimiz tərəfində böyük rəğbətlə qarşılanır və hesabat dövründə bələdiyyənin fəaliyyəti qənaətbəxş hesab edilir.

Sonda 6 ay ərzində xidməti vəzifələrinin icrasında fəal iştirakına görə bir sıra bələdiyyə qulluqçusu “Fəxri Fərman”la təltif ediliblər.

Əvvəlki məqaləLeyla Əliyeva Binəqədidə açılışda – Fotolar
Növbəti məqalədəBinəqədidə “Xəqani” YDM-in əməkdaşı sürücü tərəfindən döyülüb