Azərbaycanda enerji sahəsində böyük işlər görülüb.
Sosial-iqtisadi sahədə sürətlə irəliləyən dövlətimizin mühüm xüsusiyyətlərdən biri də qısa zaman kəsiyində enerji təhlükəsizliyinin təmininə nail olmasıdır.
Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edib, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olub. Digər tərəfdən o da mühüm faktdır ki, enerji ehtiyatları hələ uzun illər ərzində Azərbaycana külli miqdarda xarici kapital axınını təmin edəcək. Bununla əlaqədar, ölkəmizə əlavə maliyyə resursları gələcək, eyni zamanda, ixrac imkanlarımız genişlənəcəkdir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artmaqdadır.
Cari ildə daha böyük enerji hasilatı və onun ixrac həcminin artırılması əlbəttə ki, ölkəmizin daha çox gəlir əldə etməsi deməkdir. Yeri gəlmişkən qeyd edək ki, ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Eyni zamanda, gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir.
Bununla yanaşı, Azərbaycanda təbii qaz hasilatında olan artım ölkənin təbii qazın əsas ixracatçılarından birinə çevrilməsini şərtləndirir. Artıq Azərbaycan təbii qazın satış istiqamətlərinin çoxaldılması yönümündə həyata keçirdiyi siyasətə uyğun olaraq qonşu dövlətlərə təbii qazın satışına başlayıb. Bu da Azərbaycanın “mavi yanacaq” bazarını əhəmiyyətli dərəcədə genişləndirməsindən xəbər verir. Onu da qeyd edim ki, ölkəmizdə hasil olunan elektrik enerjisinin əsas idxalçıları da hazırda Rusiya, Gürcüstan və Türkiyədir.
Azərbaycanın enerji sferasında qazandığı nailiyyətlər təkcə neft-qaz sektorunu əhatə etmir. Elektrik enerjisinin istehsalı sahəsində də Azərbaycan dünyanın bir çox dövlətlərinin qibtə edə biləcəyi böyük uğurlara imza ata bilib və bu sahədə həyata keçirilən siyasət daha intensiv şəkildə davam etdirilməkdədir. Ən mühüm cəhətlərdən biri də budur ki, ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması istiqamətində də mühüm işlər görülməkdədir. Ölkəmizdə də alternativ üsullarla enerji alınması üçün kifayət qədər əlverişli mühit var. Belə ki, yerləşdiyi əlverişli coğrafi mövqeyi və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi alternativ enerji mənbələrinin yaradılması istiqamətində konkret addımlar atmaqdadır. Azərbaycanın ənənəvi enerji növləri sahəsində malik olduğu zəngin potensial ölkəmizin tələbatına tam cavab versə də, perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident cənab İlham Əliyev qarşıya konkret vəzifələr qoyub və müvafiq göstərişlər verib. Bir sözlə, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, son illər Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası, eyni zamanda Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar aparılır. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Eyni zamanda “Qız qalası” su anbarlarında İran dövləti ilə birlikdə 280 meqavatlıq elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur.
Bütün görülən işlərə nəzər salsaq tam əminliklə deyə bilərik ki, enerji təhlükəsizliyini təmin edən Azərbaycan bu sahədə ildən-ilə malik olduğu imkanları daha da genişləndirəcəkdir. Enerji iqtisadi inkişafın mühərriki və insan rifahının inkişafının təminatçısıdır.
Aslan Mehdiyev,
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Qarabağ müharibəsi veteranı