Bakıda ögey anasını öldürməkdə təqsirləndirilən G. Məmmədova və əri H. Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bineqedi.info saytının Trend-ə istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən G. Məmmədovanın anlaqlı olub-olmaması ilə bağlı təyin olunmuş ekspertiza rəyi elan olunub.
Hakim bildirib ki, ekspert rəyinə əsasən, G. Məmmədovanın hər hansı psixoloji problemi aşkarlanmayıb.
Lakin H. Verdiyev buna etiraz edərək, həyat yoldaşının şizofreniyadan əziyyət çəkdiyini bildirib. Təqsirləndirilən şəxs vəsatət qaldıraraq ekspertin məhkəmədə dindirilməsini tələb edib.
Vəsatət təmin olunmayıb.
Bununla da məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Qeyd edək ki, martın 25-də Binəqədi rayon sakini 42 yaşlı Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.
İtkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla zərərçəkmişin ögey qızı G. Məmmədova və onun əri H. Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzun müddətli mübahisələr səbəbindən sonuncuların martın 25-də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirib, Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.