Təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin yükünün çox olması ilə bağlı sualı cavablandırıb.
“Müəllimlərin bir qisminin məktəbdə zamanı idarəetmə, sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var. Müəllimlər dərsdən sonrakı saatlarda həmin işləri görə bilərlər ki, dərs zamanı səmərəli istifadə olunsun”.
“Türkiyə və Azərbaycanın birgə universitetinin yaradılması ilə bağlı iş gedir”.
“Xaricdə təhsillə bağlı yaş məhdudiyyəti meyarlar olaraq müəyyən ediləcək. Yəqin ki, əvvəlki proqramda olduğu kimi bu meyar 35-40 yaş arası olacaq”.
Nazir əlavə edib ki, hələ bu meyar dəqiqləşməyib. Məsələ dəqiqləşəndən sonra ictimaiyyətə açıqlanacaq.
E. Əmrullayevin sözlərinə görə, əgər xaricdə dövlət proqramı ilə təhsil alan tələbə ölkəyə qayıtmaqdan imtina edərsə dövlətin pulunu qaytarmalıdır.
O qeyd edib ki, dövlət ona görə tələbələri maliyyələşdirir ki, ölkənin ehtiyaclarına uyğun fəaliyyət qursun.
“Ukraynada təhsil alan tələbələr Azərbaycan vətəndaşlarıdır. Onların problemləri hazırda bütün dövlət qurumlarının diqqətindədir”.
O qeyd edib ki, bu məsələ Xarici İşlər Nazirliyi tərəfindən kommunikasiya edilir. Təhsil Nazirliyi onlara dəstək verir.
“Əvvəlki proqramlardan fərqli olaraq, biz konkret proqramları elan edəcəyik. Ola bilər ki, bir universitet hansısa ixtisas üzrə reytinqlidir, o ixtisas üzrə tələbələr oxuya bilərlər. Amma həmin universitetin digər ixtisası reytinqli deyilsə, başqa universitet seçiləcək”.
O qeyd edib ki, lazım olan bütün ixtisaslar bu proqrama salınacaq: “Sentyabr ayından tələbələr maliyyələşdirilərək xaricə göndəriləcək. Mart ayının sonuna qədər ilkin siyahı ictimaiyyətə təqdim olunacaq. Artıq indidən başlayaraq tələbələr müraciət edə bilərlər. Reytinq siyahısında 500-lüyə düşən universitetlər seçiləcək”.
E.Əmrullayev həmçinin bildirib ki, əvvəlki proqramlarda olduğu kimi, həm təhsil haqlarının ödənilməsi, həm də təqaüdlərin verilməsi olacaq. Səfər və sığorta xərcləri də bu proqram çərçivəsində ödənəcək.
Bineqedi.info