Nailiyyətlərimizin təməlində dövlətin uğurlu idman siyasəti dayanır
Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə geniş, məqsədyönlü islahatlar həyata keçirmişdir.
Bu gün dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Məhz Prezident cənab İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə cari ilin 17 mart tarixli görüşündə vurğuladığı kimi, Azərbaycan idman dövlətidir, həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Avropada birinci olmaq isə böyük nailiyyətdir. Sonuncu beynəlxalq yarışda ölkəmizin dövlət himni yeddi dəfə səsləndirildi. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar. Prezident cənab İlham Əliyev idmançılarımızla görüşdə bir daha göstərdi ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir.
Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birlikləri də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər.
Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir.
Bu gün Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Prezidentimiz cənab İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”.
Ali Baş Komandanın da vurğuladığı kimi, bu gün biz qalib gəlmiş ölkəni təmsil edirik. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək.
Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gələn bir amil idi.
Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davamı və nəticəsidir.
Bu gün biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman siyasəti sayəsində üzərimizə düşən bütün vəzifələrin öhtəsindən layiqincə gəlməyə çalışırıq.
Namiq Tarverdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi