Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Günel Həsənova və gənclər iştirak etmişlər.
Tədbirin qonağı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin sədri, azərbaycanlı tarixçi-alim Rizvan Hüseynov olmuşdur.
R.Hüseynov mövzu ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, Mart qırğınları zamanı ermənilər azərbaycanlıları qırmaqla yanaşı, bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların cəsədlərini elə oradaca yandırıblar.
Həmçinin alim qeyd etmişdir ki, 1918-ci il 30 mart və 3 aprel tarixlərində baş verən qırğınlara “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzalanmış fərmanla Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi qiymət verilmiş və həmin gündən 31 Mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.
Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insanın itkin düşmüşdür. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Tədbir gənclərin sualları ilə davam etmişdir.
Bineqedi.info








