Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar kollecinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Abdullayeva Sevinc, xalq artisti tarzən Zamiq Əliyev, xalq artisti xanəndə Simarə İmanova, Əməkdar artisti bədii qiraətçi Azad Şükürov iştirak ediblər.
Sənətkarlarımız ümummilli lider Heydər Əliyev haqqında danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
Konsertdə Ulu Öndərin sevdiyi musiqi nümunələri kollecin orkestrı, xoru, müəllim və tələbə heyəti tərəfindən səsləndirilib. Eləcə də tədbirdə tələbələrimizin hazırladığı Azərbaycana və Ulu Öndərə həsr olunmuş rəsm əsərləri də nümayiş olunub.
Bineqedi.info









