Azərbaycanda təqaüdçülərə pensiya növünü seçmək hüququ veriləcək.
Bu qayda parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində yer alıb.
Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, yaşa əsasən əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib. Lakin aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu qadağanın aradan qaldırılması pensiya təminatı sisteminə hər hansı bir risk yaratmır.
Eyni zamanda bu qadağanın aradan qaldırılması vətəndaş məmnunluğunu artmasına və pensiya növü seçimində tam azadlığın yaranmasına imkan verəcək.
Bununla da yeni tətbiq ediləcək qanunda vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Azərbaycanda onkoloji və dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslərə pensiya və ya sosial müavinət veriləcək.
Bu, parlamentin iclasında III oxunuşda müzakirəyə çıxarılan “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, eyni zamanda 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.
Başqa sözlə, hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Dəyişikliyə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.