Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.
Bineqedi.info KİV-ə istinadən xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:
“Bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik.
Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq.
Biz aşağıdakı nəticələrə nail olduq. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.
Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir.
Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.
Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.
“Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Əsas əhəmiyyətlisi odur ki, Azərbaycan tərəfinin bundan əvvəlki görüşlərdə də irəli sürdüyü 5 maddədən ibarət sülh sazişinə hazırlıq mərhələsində müzakirə olunacaq məsələlər görüş zamanı bir daha öz təsdiqini tapdı. Ümumilikdə, Brüssel görüşü sülh istiqamətində atılmış mühüm addım oldu”.
Bu sözləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
O vurğulayıb ki, əsas məsələlərdən biri də əldə edilən razılıqda Dağlıq Qarabağ ifadəsinin yer almaması, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin görüşü, eyni zamanda kommunikasiyaların açılmasının olmasıdır:
“Uzun müddət Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Qarabağın bir hissəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə bütün xalqların hüquq və azadlıqlarının olduğu kimi, Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşı kimi bütün vətəndaşlıq hüquqları tanınır. Dəfələrlə deyilib ki, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması bütün bunlar təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatı kimi rol oynamalıdır. Çünki Ermənistan bu gün ordusu dağılmış, əhalisi yoxsul səviyyədə yaşayan ölkədir. Amma Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etməkdə olan dövlətlərindəndir”.
Deputat əlavə edib ki, iqtisadi əlaqələrin güclənməsi və kommunikasiyaların bərpası Ermənistanın iqtisadi vəziyyətinin yüksəlməsinə səbəb olacaq.