Şəhid Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olub.
Bineqedi.info xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi zamanı – oktyabrın 12-də Füzuli döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Şəhid Vüsal Məmmədovun doğum günü ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov və şəhid Vüsal Məmmədovun ailə üzvləri ilə birgə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Bineqedi.info


