Vətən müharibəsi şəhidi Heydərov Rafiq Rəhim oğlunun doğum günü münasibətilə onun qəhrəmanlığına həsr olunmuş xatirə lövhəsinin açılış mərasimi baş tutub və məzarı ziyarət olunub.
Bineqedi.info saytına verilən məlumata görə, mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin böyük məsləhətçisi Fizuli Mehrabzadə və fəal gənclər iştirak ediblər.
Rafiq Rahim oğlu Heydərov 01 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda dünyaya göz açmışdı. Orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlayıb. 2016-2017-ci illərdə Qusar rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra şəhid Rafiq Heydərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bineqedi.info











