Binəqədidəki qətllə bağlı təfərrüatlar

0
47
meyit-cinayet-qetl-olum

Qəmər Mansurovanın itgin düşməsindən iki ay sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayır. Məlumatda bildirilir ki, martın 25-də Biləcəri Qəsəbəsində itgin düşmüş kimi qeydiyyata alınan Qəmər Mansurovanın meyiti Qaradağ rayonunun ərazisindəki göllərdən birindən tapılıb. Rəsmi məlumatda o da bildirilib ki, qadının qətlə yetirilərək həmin əraziyə atıldığı məlum olub. Qətldə şübhəli bilinən Lənkəran şəhər sakini Fariz Mirişov və Gülay Muradova saxlanılaraq istintaqa cəlb olunub.

İp ucu…

İşi araşdıran polislər itgin düşən şəxsin yaşadığı evə baxış keçirsələr də mənzildə onların diqqətini çəkən və istintaq üçün əhəmiyyət kəsb edən bir dəlil tapmayıb. Dindirmə zamanı bütün şübhələr yalnız bir nöqtəyə istiqamətlənir.

Məlum olub ki, Qəmər Mansurova ev sahibi Əliyar Muradovun birinci həyat yldaşı vəfat etdikdən sonra onun ikinci həyat yoldaşı olub. Həmin evdə birgə yaşadıqları Gülay Muradova və Fariz Mirişov isə Qəmərin həyat yoldaşı Əliyarın qızı və kürəkəni olub. Qəmərlə bu cütlüyün arasında mütəmadi yaşanan ailədaxili münaqişənin olması da bu müəmmalı hadisənin açılmasında əsas ip ucu olur.

Cütlüyün birgə planının ifşası

İstintaqçıların diqqəti bu cütlüyə istiqamətləndikdən sonra istintaq üçün əsas amil onların ifadələri olur. Peşəkarlıqla keçirilən dindirmələrdə suallardan yayına bilməyən Gülay və Fariz ağır cinayət törətdiklərini etiraf edərək hadisənin bütün detallarını istintaqa danışırlar.

Arxadan vurulan amansız zərbələr

“Mən həyat yoldaşımla qaynatamın evində yaşadığım müddətdə Qəmərlə mütəmadi mübahisəmiz olurdu. Əsasən də Gülayla. Hər ikisi xanım olduğundan əvvəlcə bunlara əhəmiyyət vermirdim. Amma müddət geçdikcə gərginlik dahada artdı və dözülməz vəziyyət aldı. Qəmər artıq qaynatama, yəni yoldaşına təkid edirdi ki, evi satıb bizi ordan uzaqlaşdırsın”.

Fariz daha sonra ifadəsində bildirib ki, onlar Qəməri öldürmək üçün bir müddət əvvəl plan hazırlayıblar. Əsas məqsəd isə Qəməri birgə yaşadıqları evə vərəsəlik hüququndan məhrum etmək olub. Plana görə bu cinayət evin böyüyü Əliyarın işdə növbədə olduğu vaxt həyata keçirilməli idi.

Evin dəhlizində Qəmərə arxadan baş nahiyyəsindən baltanın küt tərəfi ilə ilk zərbəni də elə Fariz vurur.

“Ona balta ilə bir neçə zərbə endirdim. Əvvəl nə baş verdiyini bilməsə də, sonra yalvarnaqa başladı ki, məni öldürmə, çıxıb gedəcəm evdən, bir daha bura gəlmərəm”. Farizin zərbələrindən sonra həyat yoldaşı Gülay baltanı ondan alaraq növbəti zərbələri vurmağa başlayır. Gülayın yetirdiyi xəsarətlərdən sonra qadın huşunu itirir.

Qırmızı xalçaya bükülmüş meyit

Planın ilk mərhələsini həyata keçirəndən sonra Qəmərin evdəki əşyalarının bir qismini elə onun özünə məxsus çamadanına toplayaraq avtomobilə qoyublar. Meyiti isə otaqdakı qırmızı xalçaya büküb avtomobilin yük yerinə yerləşdirirlər.

“Onun əşyalarını da yığdıq ki, evdən küsüb, əşyalarını da götürüb getdiyini inandıra bilək. Bundan sonra qaynatama zəng edib Qəmərin bizimlə dalaşıb getdiyini xəbər verdik”.

Meyitin atıldığı yerlə bağlı Fariz əməliyyat istintaq qrupunu Qaradağ rayonunun ərazisindəki göllərdən birinə gətirib. Axtarış çox çəkmir, qadının meyiti qırmızı xalçaya bükülmüş vəziyyətdə göldən çıxarılır.

Həmin ərazidən təxminən beş yüz metr aralıda isə çamadan və cinayətin əsas əlati sayılan balta tapılır.

Məhkəmə Tibbi Ekspertiza meyitin üzərində 26 zərbə aşkar edib. Ölümünə səbəb kimi beyin toxumalarına kəskin qansızma olduğu göstərilir.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Fariz 19 il, Gülay isə 16 il azadlıqdan məhrum edilirlər.

Əvvəlki məqaləBinəqədidə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib
Növbəti məqalədəTemperatur nə vaxtadək belə yüksək olacaq?