Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında rayonun təhsil sahəsində fəaliyyət göstərmiş və yaş həddi ilə bağlı təqaüdə çıxmış bir sıra partiya üzvü ilə görüş keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiya fəallarını və onların simasında bütün təhsil işçilərini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rayon təşkilatının sədri çıxışında bildirib ki, müəllimlik çətin, eyni zamanda şərəfli və məsuliyyətli peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi insanlar yetişir və cəmiyyətimizin inkişafına töhfə verir. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərin əvəzsiz xidmətləri var. Ona görə bu peşə sahiblərinə daim diqqət və qayğı göstərilməli, onların fədakar əməyinə yüksək qiymət verilməlidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən təhsil siyasəti ölkəmizdə uğurlu təhsil islahatlarının əsasını təşkil edir. Vaxtilə təhsil sahəsində çalışmış və bu gün təqaüddə olan partiya fəalları ümummilli lider Heydər Əliyev ideyalarının, ulu öndərin irsinin yeniyetmə və gənclərə aşılanmasında, təbliğ edilməsində müstəsna xidmət göstərib. Rayon təşkilatının sədri həmçinin vurğulayıb ki, dövlətimizin təhsil siyasəti Binəqədi rayonunda da uğurla aparılır və rayonun təhsil işçiləri istər dövlətin təhsil siyasətinin icra edilməsində, istərsə də partiyamızın ictimai-siyasi həyatında yaxından iştirak edir. Rayon təşkilatının bir sıra layihələrinin həyata keçirilməsində, istedadlı gənclərin aşkara çıxarılmasında təhsil sahəsində təcrübəsi olan partiya üzvləri təşəbbüsləri və fədakarlığı ilə seçilib. O, ümidvar olduğunu bildirib ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcək, ulu öndər ideyalarına, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəklərini davam etdirəcəklər.
Görüşdə partiya fəalları – Sadəgül Həsənova, Qənirə Sultanova, Nəbi Mahmudov, Nizami Novruzov, Nazir Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər. Bildiriblər ki, hər birimiz üçün doğma olan, dövlətçiliyimizin və dahi şəxsiyyət Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının üzvlüyündə bundan sonra qürurla təmsil olunacaq və partiya işinə yaxından dəstək verəcəklər.
Daha sonra rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə Fəxri Fərmanla təltif olunublar.
Görüş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Bineqedi.com















