II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Azərbaycan Bayrağı ordenli polkovnik-leytenant Həmdəm Mayıl oğlu Ağayev və Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında gizir İsgəndər Vüqar oğlu Dövlətlinin şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edilib.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Müdafiə Nazirliyinin zabit və əsgər heyəti, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin rəhbərləri, rayon ictimaiyyəti, məktəblilər iştirak edirdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Şəhid adı müqəddəs olduğu qədər Şəhid ailəsi adı da o qədər ali və müqəddəsdir. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir.
Şəhidlərimizin silahdaşları onların döyüş meydanında göstərdikləri igidlikdən, şücaətdən söhbət açdılar.
Anım tədbirində xatirələrini bölüşən şəhidlərimizinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Bineqedi.com












