Mehriban Əliyevadan diplomatik dildə etiraz

0
45

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması, bununla da, UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkanı xaricində olması ilə əsaslandırıb.

Lakin UNESCO ilə bağlı son illər baş verən proseslərdən göründüyü kimi, Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır.

Azərbaycan dövləti uzun illər ərzində UNESCO ilə əməkdaşlığı daim yüksək səviyyədə saxlamağa çalışıb, bu təşkilat çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə, eləcə də layihələrdə yaxından iştirak edib. Bu təşkilatla Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsində təbii ki, Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Mehriban Əliyeva şəxsən, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünya mədəni irsinin qorunması və bərpasına mühüm töhfələr verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, Fondun həyata keçirdiyi layihələr arasında xristian abidələrinin təmir-bərpası üstünlük təşkil edir. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti, eləcə də onun Prezidenti və Birinci vitse-prezidenti mədəniyyət nümunələrinə, mədəni, dini irsə münasibətdə də heç vaxt ayrı-seçkiliyə yol verməyib və vermir. Heydər Əliyev Fondunun təmir-bərpa etdirdiyi mədəni irs nümunələrinin siyahısına nəzər saldıqda bunu aydın görmək olur.

Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci il iyunun 22-də imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” çərçivəsində Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bərpa edilmiş Roma katakombaları ilə tanış olub. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir, bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun maliyyə yardımı ilə Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi bərpa edilib. 1320-1340-cı illərdə salınmış bu şüşələrin üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin həyatı əks olunub.

Heydər Əliyev Fondu Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib. Bundan başqa, Strasburqun “Notre Dame” kilsəsinin təmir-bərpasına da maliyyə vəsaiti ayırıb.

Fond tərəfindən Fransanın Versal sarayında və parkında iki abidənin bərpası işləri həyata keçirilib.

Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı edib.

Təbii ki, bu, Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi layihələrin tam siyahısı deyil.

Birinci vitse-prezident xarici ölkələrlə yanaşı, Azərbaycanda da analoji təşəbbüslərlə çıxış edir. Ölkəmizdə müxtəlif dinlərə, mədəniyyətlərə məxsus abidələr Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Azərbaycanda da İslam dini ilə yanaşı, başqa dinlərə məxsus inanc məbədləri Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa olunur.

Fond tərəfindən “Dini tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində və Pravoslav kilsəsində yenidənqurma işləri aparılıb.

Bundan başqa, ölkəmizdəki digər kilsələr, məscidlər, ziyarətgahlar bərpa olunur, inanclı insanların rahat ibadət etməsi, ziyarəti üçün hər cür şərait yaradılır. Azərbaycanın bütün dünyada tolerant, multikultural ölkə kimi tanınmasında Mehriban Əliyevanın, onun rəhbəri olduğu Heydər Əliyev Fondunun xüsusi rolu var.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra isə Heydər Əliyev Fondunun fəaliyyət istiqamətində yeni səhifə açılıb. Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə tarixi və dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa olunur, Zəngilan məscidinin inşasına başlanılıb. Şuşada Azərbaycanın görkəmli nəsillərindən olan Mehmandarovlara məxsus tarixi malikanənin bərpa işləri artıq başa çatıb. Bununla yanaşı, Şuşadakı Qazançı kiləsində də Azərbaycan dövləti tərəfindən təmir-bərpa işləri aparılır.

Lakin təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-UNESCO əlaqələrinin yüksələn xətlə inkişafına, UNESCO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, UNESCO tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməyib.

30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın eyni zamanda mədəni irsimizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti digər beynəlxalq təşkilatlar kimi, UNESCO tərəfindən də heç vaxt pislənilməyib. Bu illər ərzində Azərbaycan dövləti tərəfindən edilən çağırışlara heç bir qarşılıq verilməyib, Ermənistanın işğal müddətində mədəni sərvətlərimizin dağıdılması və mənimsənilməsi kimi cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərməyib.

Azərbaycan Ermənistanın təcavüzü nəticəsində tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsini UNESCO qarşısında dəfələrlə qaldırsa da, ancaq laqeyd münasibət görüb. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın dini, tarixi və mədəni irsinə qarşı hansı miqyasda vandalizm, vəhşilik törətdiyi barədə aydın təsəvvür yaransın. Ermənistan işğal etdiyi ərazilərdə 67 məsciddən 65-ni yer üzündən silib, iki məscid isə yarasız hala salaraq, tövləyə çevirib, orada donuz, inək saxlayıb. UNESCO isə bu illər ərzində belə faktlara göz yumub, İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsinə səsini belə çıxarmayıb.

Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi isə bunun əksinə olaraq, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas götürülüb, UNESCO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq edib. Azərbaycanın bu dəfə də xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirib, yenə də missiya reallaşmayıb.

Qeyd etmək yerinə düşər ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından Azərbaycanın çağırışlarına reaksiya vermiş, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdi.

Son baş verənlər isə belə düşünməyə əsas verir ki, UNESCO tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması da diqqətdən qaçmamalıdır.

Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, hazırkı baş direktor Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur.

Azərbaycan məhv edilmiş mədəni irsin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq-aydın qərəz kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev də UNESCO-nun ölkəmizə qarşı qərəzli münasibətinə dəfələrlə etirazını bildirib.

“Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik. Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”, – deyə dövlət başçısı hələ 2021-ci il yanvarın 5-də bəyan etmişdi.

Azərbaycanın UNESCO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəfin UNESCO olacağı şübhəsizdir.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə şəhid Ələsgər Elxan oğlu Cavadovun anım mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə qayın yeznəsini və onun qardaşını bıçaqlayıb