Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Baksol yolu 89 ünvanlı ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə tədbiri açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, çıxışında 1992-ci ildə çətin tarixi şəraitdə təsis edilən, bir çox təzyiqlərlə və məhrumiyyətlər üz-üzə qalan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətinə diqqət çəkib.
Bildirib ki, partiya bu illər ərzində inkişaf edərək regionun ən böyük siyasi partiyasına çevrilməyi bacarıb, bu gün partiya sıralarında gənclərin sayı durmadan artır. Sözsüz ki, bütün bunlar xalqımızın, gənc nəslin ulu öndər Heydər Əliyevin ideologiyasına, Azərbaycançılıq məfkurəsinə sonsuz inamdan və etibardan qaynaqlanır. Təşkilat sədrinin sözlərinə görə bu gün gənclərimiz bütün sahələrdə uğurla təmsil olunur, dövlətimizi və xalqımızı layiqincə təmsil edirlər. Xüsusilə ordu sıralarında fəaliyyət göstərən gənc əsgər və zabitlərimizin qəhrəmanlığı təqdirəlayiq və qüruruvericidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyaraq torpaqlarımızı azad edən gəncliyimizlə fəxr edirik. Bu gün gənclərimizin önündə yeni imkanlar və hədəflər dayanır. İnanırıq ki, gənclərimiz yüksək vətənpərvərliyi və öz bilik, bacarıqları ilə bu hədəfləri də aşacaq, daha güclü və qüdrətli Azərbaycan naminə bundan sonra da səylə çalışacaqdır.
Çıxışının sonunda rayon təşkilatının fəaliyyətindən söhbət açaraq, üzvlərə müvafiq tapşırıq və tövsiyyələrini verib.
Tədbirdə fikirlərini bildirən “Unity Company” şirkətinin direktoru, Baksol yolu 89 ünvanlı ərazi partiya təşkilatının sədri Fikrət Əliyev ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə davam etdirilən gənclər siyasətindən bəhs edib. Gənclər siyasətinin tərkib hissəsi olaraq həyata keçirilən islahatlardan, imzalanan dövlət proqramlarından danışıb. Bu islahatların gənclərimizin hərtərəfli yetişməsindəki yüksək və əhəmiyyətli rolu barədə məlumat verib. Gənclərimizin yüksək vətənpərvərlikləri ilə seçildiklərini, Vətən, millət sevgisinin ən bariz nümunəsi kimi tarixi ərazilərimizin işğaldan azad edilməsi uğrunda gənclərimizin misilsiz şücaətlərini nümunə göstərdi. Çıxışında, həmçinin ərazi partiya təşkilatının fəaliyyətindən və keçirdiyi tədbirlərdən danışıb, təşkilatın üzvlərinin bundan sonrakı fəaliyyətlərində də ulu öndər ideyalarına və dövlət başçısı İlham Əliyevin siyasətinə sadiq qalacaqlarına əminliyini ifadə edib.
Tədbirdə daha sonra partiya sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edildi. YAP Binəqədi rayon təşkilatının inzibati binası ilə ətraflı tanışlıq baş tutub.
Bineqedi.com
































