Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə həyatını itirən şəxslərdən birinin sosial şəbəkə hesabında paylaşdığı sonuncu postlardan biri diqqət çəkib.
Aydın vilayətinin Söke rayon sakini İsmail Taşkın zəlzələdən 4 gün öncə, fevralın 2-si özünə mənzil alıb və onun sənədininin fotosunu feysbuk hesabında paylaşıb.
O, paylaşdığı fotoya “Evimizi aldıq, şükürlər olsun. Allah daha yaxşısını olmayanlara nəsib etsin” sözlərini yazıb.
Evlərində cəmi 4 gün yaşaya bilən Taşkın ailəsi (ata-ana və 3 uşaq) güclü zəlzələ zamanı elə həmin mənzilin dağıntıları altında qalaraq həlak olublar.

Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq?
“Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik”.
Bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib.
Bildirib ki, ilk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir:
“Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb adını yazıb nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra uşaqların ailələri dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər”.
8 yaşlı qızla xilasedicilərin dialoqu hər kəsi güldürdü
Kahramanmaraşda dağıntılar altında qalan 8 yaşlı Zübeyde axtarış-xilasetmə qrupu tərəfindən xilas edilib.
Xilasedicilərlə Zübeydə arasındakı dialoq hər kəsi güldürüb.
Belə ki, olanlardan xəbərsiz uşağın, “Evə necə girdiniz?”, – sualına xilasedicilər, “Pəncərədən girdik”, – cavabını verib və aralarındakı dialoq onların gülümsəməsinə səbəb olub.
Zəlzələ altında qalan fenomenin bu müsahibəsi gündəm oldu
Sosial media fenomeni olan Taha Duymaz ailəsi ilə birgə yaşadığı Hatayın Yayladağ rayonunda zəlzələnin dağıntıları altında qalıb.
Bundan sonra onun 1 il əvvəl verdiyi müsahibə yenidən sosial mediada gündəmə gəlib.
“Evimiz çox köhnə idi, su keçirirdi. Mən dağılmasını istəmirdim, o evdə çox xoşbəxt idim. Sosial mediada səsimi eşitdilər. Onun yerində yeni ev tikildi. Əslində, bu mənim üçün əhəmiyyətli deyildi. Mənim mədsədim uşaqlığımdan indiyə kimi ailəmin xoşbəxt olmasıdır. Çox şükür bunu bacardım”, – Taha müsahibəsi zamanı deyib.
Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb.
Dağıntıların altından çıxarıldı, doğum günü qeyd edildi
Kahramanmaraşda iki saat dağıntılar altında qaldıqdan sonra xilas edilən 5 yaşlı Mira Tuncelin doğum günü qeyd edilib.
Bineqedi.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntüləri “Anadolu” agentliyi yayıb.
Sosial sığınacağa yerləşdirilən qızın doğum günü münasibətilə tort kəsilib.
Həmin görüntüləri təqdim edirik:
Dağıntılar altında divara yazdığı bu sözləri gündəm oldu
Zəlzələdən 64 saat sonra xilas edilən gənc oğlanın dağılmış binanın divarına yazdığı sözlər sosial şəbəkələrdə gündəmə çevrilib.
Kahramanmaraşda dağıntılar altında qalan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat sonra Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları tərəfindən sağ-salamat xilas edilib.
Məlum olub ki, gənc dağıntılar altında olarkən divara “Ümidini itirmə” sözlərini yazıb.
Üç gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan təcili yardımla xəstəxanaya yerləşdirilib.
İlk təyyarə səfərləri ata-anasız keçdi…
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar altından çıxarılan kimsəsiz körpələr Ankaraya aparılıb.
0-1 yaş aralığından olan 16 uşaq Türkiyə Prezidentinin təyyarəsi ilə paytaxta göndərilib.
Körpələr Ankarada xəstəxanaya yerləşdirilib. Onların ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.
Uşaqların bəzilərinin üzərində şəxsiyyətini müəyyən etməyi asanlaşdıracaq məlumatlar qeyd olunub.





























