Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən hadisələrlə bağlı növbəti açıqlamanı yayıb.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb: “Ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.
Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da, həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb”.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gədəbəydə monitorinq və araşdırmalara başlanılıb”.
Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində inşa olunan süni gölün tikintisi ilə bağlı yaranan problemdən məlumatlıdırlar: “Artıq əməkdaşlarımız əraziyə yollanıb. Bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Bineqedi.com